Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK
DQMK

Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsində çalışan işçilərin attestasiyası üzrə test imtahanı keçirilmişdir

2020-11-16

Gömrük orqanlarının əməkdaşlarının peşəkarlıq, işgüzarlıq və mənəvi keyfiyyətlərinin obyektiv qiymətləndirilməsi, onların tutduğu vəzifəyə uyğunluğunun müəyyənləşdirilməsi və gələcək inkişafının təmin edilməsi məqsədilə 16 noyabr 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsində çalışan işçilərin attestasiyası üzrə test imtahanı keçirilmişdir.
İmtahanda qanunvericilik üzrə 100 sual təqdim edilmiş, sualları cavablandırmaq üçün namizədlərə 2 saat 30 dəqiqə vaxt verilmişdir. Keçirilən imtahanda test tapşırıqlarının ən azı 60 faizini (60 bal) düzgün cavablandırmış şəxslər müvafiq keçid balını toplamış sayılırlar.
İmtahan Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test mərkəzində elektron proqram təminatı vasitəsilə keçirilmişdir. Bununla da test suallarını cavablandırarkən iştirakçılar seçdikləri cavabları imtahan vaxtı ərzində dəyişə və monitorda imtahanın vaxtını izləyə biliblər. İmtahanda obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılmış və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının müşahidəçi qismində iştirakları təmin edilmişdir.
Attestasiya üzrə test imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 49 nəfərdən 48-i test imtahanında iştirak etmiş, 34-ü müvafiq keçid balını toplamışdır. İmtahan bitdikdən dərhal sonra iştirakçılara test imtahanının nəticəsinə dair arayış təqdim edilmişdir.
Test imtahanının nəticələri Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilmişdir.
Attestasiya imtahanında tibbi maskadan istifadə edilmiş, sosial məsafə qorunmuş və digər sanitar-gigiyenik tələblərə əməl olunmuşdur.
Bundan başqa, 18 noyabr tarixdə Ədliyyə Nazirliyinin, 20-30 noyabr tarixlərdə dövlət musiqi təhsil müəssisələrinin, 2 dekabr tarixdə isə Dövlət Miqrasiya Xidməti əməkdaşlarının attestasiyası keçiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı