Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK
DQMK

Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri ilə növbəti görüş keçirilmişdir

2020-10-30

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın tədbirlər planına uyğun olaraq 30 oktyabr 2020-ci il tarixdə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları tərəfindən Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri ilə növbəti görüş keçirilmişdir.
Universitetin əməkdaşı Rauf Rəhimov çıxış edərək Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilən bu cür görüşlərin tələbələrin gələcək inkişafı üçün əhəmiyyətini, o cümlədən Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Universitet arasındakı əməkdaşlığı yüksək qiymətləndirmişdir.
Görüşdə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşı Türkan Gülməmmədli slaydlar vasitəsilə “Dövlət qulluğu sisteminin formalaşdırılması” mövzusunda çıxış edərək demişdir ki, ölkəmizdə müasir dövlət qulluğu sisteminin formalaşması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin keçirmiş olduğu islahatlar nəticəsində ictimai-siyasi sabitlik bərqərar edilmiş, dövlət idarəçiliyinin yeni əsasları formalaşdırılmışdır. Bunun nəticəsidir ki, hazırda Azərbaycanda müasir standartlara cavab verən yüksək səviyyədə dövlət qulluğu sistemi mövcuddur.
Daha sonra Dövlət Qulluğu Məsələləri üzrə Komissiya əməkdaşı Zaman Bağırov slaydlar vasitəsilə “Dövlət qulluğunda qanunvericilik sisteminin əsası ” mövzusunda çıxış edərək qeyd etmişdir ki, dövlət qulluğu haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsində təsbit olunan qanunvericilik siste¬minin tərkib hissəsidir. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa görə dövlət qulluğu haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Azərbaycan Respublikasının dövlət qulluğunu hüquqi cəhətdən tənzimləyən və dövlət qulluqçularının hüquqi vəziyyətinin xüsusiyyətlərini müəyyən edən digər qanunvericilik aktlarından ibarətdir.
Görüşün sonunda tələbələri maraqlandıran suallar Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları tərəfindən cavablandırılmışdır.
Tədbir “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə təşkil edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı