Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK
DQMK

Test imtahanlarında şəffaflıq və obyektivlik diqqət mərkəzində saxlanılmışdır

2020-10-19

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya sentyabr ayı ərzində də fəaliyyətini gücləndirmiş, qanunvericilikdən, əsasnamədən və iş planından irəli gələn vəzifələri icra etmişdir. Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinə nəzarət edilmiş və 1 dövlət orqanının qanunvericiliyə uyğun olmayan 1 qərarı ləğv etdirilmiş, 5 dövlət orqanının 9 qərarı dəyişdirilmişdir.
Ay ərzində dövlət qulluğu və müəllimlərin işə qəbulu sahəsində Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən təşkil olunmuş hazırlıq kurslarında, ümumilikdə 122 nəfər iştirak etmişdir.
“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən hamiliyə götürülən Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri üçün “Azərbaycan Respublikasının dövlət qulluğu modeli” və “Naxçıvan Muxtar Respublikasında dövlət qulluğu sahəsində islahatlar” mövzularında seminar keçirilmişdir.
Müəllimlərin işə qəbulu üçün elan edilmiş müsabiqənin test imtahanları 31 avqust - 16 sentyabr tarixlərdə keçirilmiş, müsabiqəyə 268 vakant vəzifə çıxarılmışdır. 186 vəzifənin tutulması üçün 746 namizəd müraciət etmişdir. Test imtahanlarında 714 namizəd iştirak etmiş, 414 namizəd keçid balını toplamış, onlardan 135 nəfər vakant vəzifələrə təyin edilmişdir.
Dövlət musiqi təhsili müəssisələrində vakant vəzifələrin tutulması üçün elan olunmuş müsabiqənin test imtahanları 17-19 sentyabr tarixlərdə keçirilmişdir. Müsabiqəyə çıxarılmış 193 vakant vəzifənin tutulması üçün 125 nəfər sənəd təqdim etmiş, test imtahanlarında iştirak edən 123 namizəddən 35 nəfər müvafiq keçid balını toplayaraq müsahibə mərhələsində iştirak etmək hüququ qazanmışdır. Müsabiqənin müsahibə mərhələsi isə 24-25 sentyabr tarixlərdə Naxçıvan Musiqi Kollecində keçirilmişdir. Müsahibə mərhələsində 34 nəfər iştirak etmiş, 23 nəfər müvafiq keçid balını toplayaraq vakant vəzifələrə təyin olunmuşdur.
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət vergi orqanlarında vakant vəzifələrin tutulması üçün elan olunmuş müsabiqənin test imtahanları 22-25 sentyabr 2020-ci il tarixlərdə keçirilmişdir. 20 vakant vəzifənin tutulması üçün qeydiyyatdan keçmiş 184 namizəddən 176-sı test imtahanında iştirak etmiş, 22 nəfər müvafiq keçid balını toplamışdır.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsində vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqənin müsahibə mərhələsi 29 sentyabr tarixində keçirilib. Müsahibədə iştirak edən 6 nəfərdən 4-ü müvafiq keçid balını toplayaraq vakant vəzifələrə təyin olunmuşdur.
Sentyabr ayı ərzində Dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilmiş 16 daxili müsahibədə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşlarının nümayəndə qismində iştirakları təmin edilmişdir.
Ay ərzində ehtiyat kadrlarla işin təşkili diqqətdə saxlanılmışdır. Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən ehtiyat kadrlar siyahısında olan 19 namizəddən 2-si işlə təmin olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı