Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK
DQMK

Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri üçün tədbir keçirilib

2020-10-15

“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən hamiliyə götürülən Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri üçün keçirilən tədbirlər davam etdirilir. Bu tədbirlərin davamı olaraq 14 oktyabr 2020-ci il tarixdə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları tərəfindən Naxçıvan Dövlət Universitetinin tələbələri üçün seminar keçirilmişdir.
Tədbiri Universitetin kafedra müdiri Flora Kərimova giriş sözü ilə açaraq qeyd etmişdir ki, adıçəkilən sərəncam muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələri ilə müvafiq təşkilatlar arasında əməkdaşlığı genişləndirmək, peşəkar kadr potensialı hazırlamaq, bu sahədəki çətinlikləri aradan qaldırmaq, tələbələrə elmi-nəzəri biliklərlə yanaşı, təcrübi biliklər də aşılamaq, onların gələcək iş yerlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir.
Sonra Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları Türkan Gülməmmədli “Dövlət qulluğunun hüquqi statusu” və Zaman Bağırov “İcra funksiyalarının yerinə yetirilməsində dövlət qulluqçusunun fərdi məsuliyyəti” mövzularında hazırladığı slaydlar vasitəsilə geniş məlumat vermişdir.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları tərəfindən cavablandırılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı