Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK
DQMK

Musiqi təhsili müəssisələrinə işə qəbul üçün müsahibə keçirilib

2020-09-25

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət musiqi təhsili müəssisələrinə işə qəbul üçün 15 iyul 2020-ci il tarixdə elan olunmuş müsabiqənin müsahibə mərhələsi 24-25 sentyabr tarixlərdə Naxçıvan Musiqi Kollecində keçirilmişdir. Qeyd edək ki, müsabiqəyə çıxarılmış 193 vakant vəzifənin tutulması üçün 125 nəfər sənəd təqdim etmişdir. 17-19 sentyabr 2020-ci il tarixlərdə keçirilmiş test imtahanlarında iştirak edən 123 namizəddən 35 nəfər müvafiq keçid balını toplayaraq müsahibə mərhələsində iştirak etmək hüququ qazanmışdır.
Naxçıvan Musiqi Kollecində işə qəbul üçün ali təhsil müəssisələrini, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə işə qəbul üçün ali və ya orta ixtisas təhsili müəssisələrini bitirmiş şəxslər iştirak etmişlər.
Qanunvericiliyə əsasən, müsahibənin keçirilməsi üçün Mədəniyyət Nazirliyindən 1, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan 1, müstəqil ekspert qismində 3 nəfər olmaqla, 5 üzvdən ibarət müsahibə komissiyası yaradılmışdır. Müsahibə zamanı namizədlərin praktik hazırlığı, peşəkarlıq və ifaçılıq qabiliyyətləri yoxlanılmışdır. Bu mərhələdə namizədlərə verilən tapşırıqların yerinə yetirilməsi üçün 30 dəqiqə vaxt verilmişdir. Mühasibə mərhələsinin nəticələri beş ballıq sistem əsasında qiymətləndirilmiş, müsahibənin yekun nəticələri “Namizədin qiymətləndirilməsinə dair yekun protokol”la rəsmiləşdirilmişdir. Müsahibə mərhələsində 34 nəfər iştirak etmiş, 23 nəfər müvafiq keçid balını (12 və ya daha çox) toplamışdır. Bu mərhələdə uğur qazanmış şəxslərin sənədləri işə təyin olunmaq üçün Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinə göndərilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı