Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK
DQMK

Dövlət vergi orqanlarında vakant vəzifələrin tutulması üçün keçirilən test imtahanları başa çatmışdır

2020-09-25

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət vergi orqanlarında vakant vəzifələrin tutulması üçün elan olunmuş müsabiqənin test imtahanları 22-25 sentyabr 2020-ci il tarixlərdə keçirilmişdir.
Vergi orqanlarına işə qəbul olunmaq istəyən hər bir namizədin hazırlığının, bilik səviyyəsinin, vergi orqanlarına yararlı olmasının müəyyən edilməsi şəffaflıq və obyektivlik əsasında aparılmışdır. Dövlət vergi orqanlarına xidmətə qəbul “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin, “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin və “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”nın tələblərinə müvafiq olaraq aparılmışdır.
İmtahan başlanmamışdan əvvəl namizədlərə slayd vasitəsilə imtahan və test proqramından istifadə qaydaları haqqında məlumat verilmişdir. İmtahanda qanunvericilik və ixtisas üzrə 90, məntiqi təfəkkürün yoxlanılması üzrə 10 sual olmaqla, ümumillikdə 100 sual təqdim edilmiş, sualları cavablandırmaq üçün namizədlərə 2 saat 30 dəqiqə vaxt verilmişdir. 20 vakant vəzifənin tutulması üçün qeydiyyatdan keçmiş 184 namizəddən 176-sı test imtahanında iştirak etmiş, 22 nəfər müvafiq keçid balını (70 bal) toplamışdır.
İmtahanda obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılmışdır. İmtahan bitdikdən dərhal sonra namizədlərə test imtahanının nəticəsinə dair arayış təqdim edilmişdir. İmtahanda Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin əməkdaşları müşahidəçi kimi iştirak etmişdir.
İmtahanın nəticələri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı