Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

Müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün test imtahanlarına start verilmişdir

2019-08-14

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 302 vakant vəzifə üzrə müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün 21 iyun 2019-cu il tarixdə elan olunmuş müsabiqənin test imtahanlarına 14 avqust tarixindən start verilmişdir. Artıq ikinci ildir ki, müəllimlərin işə qəbulu müsabiqə əsasında həyata keçirilir. Müsabiqənin keçirilməsində əsas məqsəd müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulunun mərkəzləşdirilmiş qaydada müsabiqə və şəffaflıq əsasında, elektron proqram təminatı tətbiq olunmaqla test imtahanları vasitəsilə keçirilməsi və eləcə də, yüksək şəxsi keyfiyyətlərə və ixtisas biliklərinə malik kadrların seçilərək həmin təhsil müəssisələrinə yerləşdirilməsidir.
Müsabiqəyə ən çox Şərur rayonu (75), Ordubad rayonu (74), Babək rayonu (37) və Şahbuz rayonu (37) üzrə vakant vəzifə çıxarılmışdır. Müsabiqəyə çıxarılmış vakant vəzifələrin tutulması üçün 599 namizəd sənəd təqdim etmişdir. Vakant vəzifələr sırasında ən çox müraciət İbtidai sinif müəllimliyi (163), İngilis dili (83), Riyaziyyat (60), və İnformatika (58) ixtisasları üzrə qeydiyyata alınmışdır.
Müsabiqədə hər bir namizədə ümumilikdə 80 olmaqla, ixtisas üzrə 40, tədris metodikası və təlim strategiyalarına aid 25, informasiya və kommunikasiya texnologiyalarına aid 15 test tapşırığı təqdim edilir. Namizədlərə test tapşırıqlarının yerinə yetirilməsi üçün 120 dəqiqə vaxt verilir və hər bir düzgün cavab bir balla qiymətləndirilir. Vakant vəzifənin tutulması üçün müraciət etmiş namizədlər arasında keçid balını yığmaqla ən yüksək bal toplamış şəxs müvafiq vəzifəyə təyin olunur. Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və texnologiya müəllimləri üçün test tapşırıqlarının 50 faizini (40 bal), stimullaşdırıcı tədbirlər tətbiq olunan müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 60 faizini (48 bal), digər müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 80 faizini (64 bal) düzgün cavablandırmış namizədlər keçid balını toplamış hesab edilir.
Qeyd edək ki, test imtahanlarında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanların video çəkilişi də aparılmışdır. Test imtahanı bitdikdən dərhal sonra hər bir namizədə test imtahanının nəticəsinə dair arayış təqdim edilir. Test imtahanlarının nəticələri gündəlik olaraq Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilir. Test imtahanları 4 sentyabr 2019-cu il tarixədək davam edəcəkdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı