Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları könüllü qanvermə aksiyasında iştirak ediblər

2019-06-14

Naxçıvan Muxtar Respublika Xəstəxanasında “14 İyun-Beynəlxalq Donor Günü”nə həsr olunmuş qanvermə aksiyası keçirilib. Aksiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın işçilərindən “Çoxlarının həyatının xilası sənin qanının təhlükəsizliyindədir” devizi altında qan götürülüb.

Bir neçə saat davam edən könüllü qanvermə aksiyasında 13 donordan götürülən 6,5 litr qanın qrupları müəyyənləşdirilərək Qan bankına təhvil verilib.

Qeyd edək ki, Ümumdünya Qan Donoru Günü bütün dünyada qeyd olunaraq, Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyəti, bir sıra digər təşkilat və qurumlar tərəfindən dəstəklənir.

Hazırda Naxçıvan Muxtar Respublika Xəstəxanasının Hematoloji şöbəsində Qan bankının, Hematransfuzioloji briqadanın fəaliyyətə başlaması qan köçürülməsinə ehtyacı olan xəstələrin, o cümlədən hemofiliyalı və talassemiyalı xəstələrin müalicəsinə göstərilən tibbi xidmətin səmərəliliyini xeyli yüksəldib. Muxtar respublikada son dövrlərdə qan donorlarının sayı iki dəfədən çox artıb. Qan komponentlərinin də miqdarı, keyfiyyəti və təhlükəsizliyi xeyli yüksəlib. Əhalinin bu işə aktiv cəlb edilməsi pullu donorluqdan tam imtina edilməsinə imkan yaradıb. Naxçıvan Muxtar Respublika Xəstəxanasında mövcud şərait mərkəzi qan bankının fəaliyyətinə geniş imkanlar açıb. Qan Bankında qan komponentlərinin uzun müddət saxlanılması üçün dondurucu və soyuducu avadanlıqlar mövcuddur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı