Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

Naxçıvan Muxtar Respublikasının dövlət vergi orqanlarında vakant vəzifələrin tutulması üçün test imtahanlarına start verilmişdir

2019-06-13

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət vergi orqanlarında vakant vəzifələrin tutulması üçün 4 mart 2019-cu il tarixdə elan olunmuş müsabiqənin test imtahanlarına start verilib.

Vergi orqanlarına işə qəbul olunmaq istəyən hər bir namizədin hazırlığının, bilik səviyyəsinin, vergi orqanlarına yararlı olmasının müəyyən edilməsi şəffaflıq və obyektivlik əsasında aparılır. Dövlət vergi orqanlarına xidmətə qəbul “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin, “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin və “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”nın tələblərinə müvafiq olaraq aparılır.

Test imtahanlarının keçirilməsində əsas məqsəd vergi orqanlarında kadr potensialının gücləndirilməsi və ondan səmərəli istifadə edilməsi, eləcə də istedadlı gənclərin vergi xidmətinə işə cəlb edilməsindən ibarətdir.

Müsabiqəyə çıxarılan 33 vakant vəzifənin tutulması üçün 62 namizəd sənəd təqdim etmişdir. İmtahan başlanmamışdan əvvəl namizədlərə slayd vasitəsilə imtahan və test proqramından istifadə qaydaları haqqında məlumat verilir. İmtahanda qanunvericilik və ixtisas üzrə 90, məntiqi təfəkkürün yoxlanılması üzrə 10 sual olmaqla 100 sual təqdim edilmiş, sualları cavablandırmaq üçün namizədlərə 2 saat 30 dəqiqə vaxt verilir. Test imtаhаnı nəticəsində 70 və dаhа аrtıq test tapşırığına düzgün cavab verən nаmizədlər növbəti müsahibə mərhələsinə buraxılacaqlar.

İmtahanda obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılır. İmtahan bitdikdən dərhal sonra namizədlərə test imtahanının nəticəsinə dair arayış təqdim edilir. İmtahanda Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin əməkdaşları müşahidəçi kimi iştirak edirlər.

İmtahanın nəticələri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilir. Test imtahanları 14 iyun 2019-cu il tarixədək davam edəcəkdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı