Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

“Ümummilli lider Heydər Əliyevin milliləşmə siyasəti, Azərbaycançılıq ideologiyası və dövlət qulluqçuları qarşısında duran vəzifələr” mövzusunda maarifləndirici seminar keçirilmişdir

2019-05-21

21 may 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın və Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən “Ümummilli lider Heydər Əliyevin milliləşmə siyasəti, Azərbaycançılıq ideologiyası və dövlət qulluqçuları qarşısında duran vəzifələr” mövzusunda seminar keçirilmişdir. Seminarda Komissiya tərəfindən keçirilmiş sonuncu müsabiqədə uğur qazanaraq mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, habelə məhkəmələrdə inzibati vəzifələrə təyin olunmuş 88 dövlət qulluqçusu iştirak etmişdir.

Seminarı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya sədrinin müavini Ümid Qurbanov giriş sözü ilə açaraq bildirmişdir ki, ölkəmizdə olduğu kimi muxtar respublikada da dövlət qulluğu sistemi günün tələbləri səviyyəsində qurulmuş və bu sahədə bir sıra zəruri islahatlar həyata keçirilmişdir. Muxtar respublikada dövlət qulluğuna göstərilən xüsusi diqqət və qayğı vətəndaşların müsabiqə yolu ilə dövlət qulluğuna qəbulunun daha da optimal və şəffaf həyata keçirilməsinə geniş imkanlar açmışdır. Komissiya tərəfindən bugünədək keçirilmiş 17 müsabiqədə 5529 namizəd iştirak etmiş, onlardan 1226-sı müsabiqələri müvəfəqiyyətlə başa vuraraq dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinə təyin olunmuşdur. Bunun nəticəsidir ki, bu gün muxtar respublikanın dövlət orqanlarında inzibati vəzifə tutanların 36.9 faizi Komissiyanın keçirdiyi müsabiqələrdə uğur qazanmış müasir dünyagörüşü, qanunvericilik və informasiya texnologiyaları üzrə bilikləri, habelə məntiqi düşüncə qabiliyyəti olan dövlət qulluqçularıdır.

Ümid Qurbanov çıxışında onu da qeyd etmişdir ki, dövlət qulluqçusu statusuna malik olan hər bir şəxsin üzərinə mühüm vəzifələr düşür. Belə ki, dövlət qulluqçusu dövlətçiliyə daim sədaqət nümayiş etdirməli, qanunvericiliyi dərindən öyrənməli, tapşırılan vəzifənin öhdəsindən layiqincə gəlmək üçün səy göstərməlidir. Bununla yanaşı, hər bir dövlət qulluqçusu “Etik davranış qaydaları haqqında” Qanununun tələblərinə əməl etməli, qanununun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və etik davranış qaydalarını rəhbər tutmalıdır.

Seminarda Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı çıxış edərək dövlət qulluqçularına ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan milliləşmə siyasəti, Azərbaycançılıq ideologiyasının prioritet istiqamətləri və dövlət qulluqçularının üzərinə düşən vəzifələr haqqında məlumat vermişdir. Bildirilmişdir ki, Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşdırılması ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra milli-mənəvi dəyərlərin, milli ruhun qorunması, milli kadrların yetişdirilməsi, Azərbaycançılıq ideologiyasının sistem halına salınması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Natiq həmçinin milli təhlükəsizliyə təhdidlər və dövlət qulluqçularının qarşısında duran vəzifələrdən də danışmışdır.

Sonra Komissiyanın mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Razi Məmmədov dövlət qulluqçularının etik davranış qaydalarından danışaraq bildirmişdir ki, hər bir dövlət qulluqçusu öz vəzifələrini səmərəli şəkildə yerinə yetirməyə borcludur. Dövlət qulluqçusu etik davranışı, peşəkar fəaliyyəti ilə hüquqi və fiziki şəxslərin dövlət orqanlarına inamını artırmalı və möhkəmləndirməli, dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. O, dövlət orqanının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borcludur.

Keçirilən seminarda mövzu ilə bağlı slaydlar nümayiş olunmuşdur. Sonda seminar iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı