Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

Komissiya tərəfindən dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması üçün keçirilən test imtahanları başa çatıb

2019-05-20

13-18 may 2019-cu il tarixlərində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test mərkəzində Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması üçün test imtahanları keçirilmişdir.

Müəssisələrdə müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi, müəllimlərin bilik və bacarıq səviyyəsinin test üsulu ilə müəyyənləşdirilib üzə çıxarılması, qiymətləndirilmə aparılan müəllimlərin həftəlik dərs yükü normasının optimallaşdırılmasının, aylıq vəzifə maaşlarının artırılmasının və maddi rifahının yaxşılaşdırılmasının təmin edilməsi məqsədilə aparılmışdır. Müəssisələrin rəhbərləri tərəfindən müəllimlər arasında dərs yükünün bölüşdürülməsi və onların karyera inkişafı zamanı qiymətləndirilmənin nəticələri nəzərə alınacaq, qiymətləndirilməsi aparılan müəllimlərin aylıq əməkhaqqı həftəlik dərs yükünə müvafiq olaraq artırılacaqdır.

Test imtahanlarında iştirak etmək üçün 120 nəfər sənəd təqdim etmiş, onlardan 109-u test imtahanında iştirak etmiş və 85 müəllim keçid balını toplamışdır. Test imtahanında iştirakçılara müəssisələrdə tədris olunan ixtisaslar üzrə fənn proqramlarına uyğun 40, metodika və təlim strategiyaları üzrə 25, informasiya və kommunikasiya texnologiyaları üzrə 15 test tapşırığı olmaqla 80 sual təqdim edilmiş, sualları cavablandırmaq üçün iştirakçılara 120 dəqiqə vaxt verilmişdir. Test tapşırıqlarının ən azı 30 faizini (24 bal) düzgün cavablandırmış şəxslər bilik və bacarıqlarının qiymətləndirilməsi aparılan müəllimlər hesab olunurlar.

Qiymətləndirilməsi aparılan müəllimlərin test imtahanları elektron proqram təminatı vasitəsilə keçirilmişdir. Bununla da test suallarını cavablandırarkən iştirakçılar seçdikləri cavabları imtahan vaxtı ərzində dəyişmək, monitorda imtahanın vaxtını izləmək və elektron kalkulyatordan istifadə etməklə geniş imkanlardan yararlana biliblər. Test imtahanında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılmışdır. Test imtahanı bitdikdən dərhal sonra iştirakçılara test imtahanının nəticəsinə dair arayış təqdim edilmişdir. Test imtahanlarının nəticələri gündəlik olaraq Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı